Xəbərlər
İdeyalar

AZƏRBAYCAN RESPUBLİKASINDA ENERGETİKANIN İNKİŞAFI BARƏDƏ

 

Azərbaycanda energetikanın inkişafı, təbii ki, neft sənayesinin sürətli inkişafı ilə bağlı olub. Məhz bu səbəbdən də bütün energetik qurğular və sahələr, praktiki olaraq Abşeron yarımadasında yerləşdirilib.

Respublikada energetikanın inkişaf təkanı, əsrin əvvəllərinə təsadüf edir. Belə ki, ilk dəfə olaraq 1897-ci ildə Bakının neft rayonunda Nobel qardaşları tərəfindən qoyuluş gücü 550 kVt olan elektrik stansiyası inşa olundu ki, onun da istehsal etdiyi elektrik enerjisi əsasən istehsalatın tələblərinə, az bir hissəsi isə, ölkənin işıqlandırılmasında istifadə olunurdu.

1901-ci ildə, gücü 2000 at.q.-də olan Bibi-Heybət elektrik stansiyası, 1902-ci ildə isə Ağ Şəhərdə, gücü 2000 at.q. olan elektrik stansiyası istismara verildi. Sonralar həmin stansiyaların fəaliyyəti və enerji ötürücülüyü qabiliyyəti yeni, əlavə avadanlıqlar quraşdırılması hesabına genişləndirildi.

1913-cü ildə Bakı rayonunda 109,8 min kVt. saat elektrik enerjisi istehsal edilirdi ki, onun da 95 %-i neft sənayesinə, yalnız 5 %-i ölkənin işıqla təminatına yönəldilmişdi.

Birinci dünya müharibəsi ərəfəsində «Elektrik gücü» səhmdar cəmiyyətinin iki böyük elektrik stansiyasının ümumi gücü - 45,7 min kVt təşkil edirdi. Bu stansiyalardan ən böyüyünün - Ağ şəhərdəki stansiyanın gücü isə - 34,4 min kVt-a bərabər idi.

Elektrik stansiyaları genişləndikcə, ötürücü elektrik şəbəkələrinin fəaliyyəti də bu genişləndirilmə prosesinə müvafiq olaraq inkişaf etdirilirdi.

İnqilabdan sonra, 1920-ci ildə azsaylı elektrik müəssisələri milliləşdirildi. Milliləşdirilmiş energetika müəssisələrinin tərkibinə, «Ağ şəhər»də və Bayıl qəsəbəsində yerləşən iki istilik elektrik stansiyası və gərginliyi 0,4-2,0 kV olan paylayıcı şəbəkə daxil edildi.

Respublikanın energetika təsərrüfatının inkişaf problemləri QOELRO planında öz həllini tapdı. Planda, Bakı rayonunda neftin çıxarılmasının və onun emalının tam elektrikləşdirilməsi məqsədi ilə Bayıl qəsəbəsində, Ağşəhərdə, hər birinin gücü - 20 MVt olan üç turboaqreqatın istismara verilməsi, mövcud enerji güclərinin yenidən qurulması və elektrik stansiyalarının qaz yanacağı əsasında iş rejiminə keçirilməsi nəzərdə tutulurdu.

Xalq komissarlığının ağır sənaye idarəsinin layihə qrupu hələ 30-cu illərin əvvəllərində Azərbaycan Respublikasında tikiləcək kiçik su elektrik stansiyalarının layihələndirilməsi ilə məşğul idi.

Şəki şəhərində ipək-toxuculuq sənayesinin inkişafı ilə əlaqədar, gücü 1660 kVt olan Şəki SES-in layihələndirilməsi işi başa çatdırıldı, bu SES QOELRO planına uyğun tikildi. Belə bir SES-in Quba şəhərində də tikilməsinə ehtiyac duyulurdu. Qubada konserv zavodunım tikintisi ilə əlaqədar olaraq gücü 1152 kVt olan SES-in tikintisinə başlanıldı.

Quba SES-i ilə yanaşı Zurnabad, Qusar SES-ləri də həmin dövrdə tikilib istifadəyə verildi.

QOELRO planında nəzərdə tutulan Respublika üzrə energetikanın inkişaf etdirilməsi sahəsində aparılan işlər Bakıda və respublikanın digər rayonlarında vaxtında və tam həcmdə yetirilirdi.

1935-ci ildə elektrik stansiyalarının ümumi gücü - 176,6 MVt-a, elektrik enerjisinin istehsalı isə - 937 min kVt. saata çatdırıldı. Həmin ildə ölkənin baş energetika idarəsi -«Azərenerji» yarandı və respublikada fəaliyyət göstərən bütün energetika müəssisələri onun tabeçiliyinə verildi.

Qırxıncı illərdə dərin neft quyularının qazılması və istismarı, enerji sisteminin gücünün də artırılmasını tələb etdi. Bu illərdə yeni enerji gücləri istismara verildi. Bu, Bayıl qəsəbəsindəki L.Krasin adına Dövlət Rayon Elektrik Stansiyası (Krasin adına DRES) və Qırmızı ulduz İstilik-Elektrik Mərkəzi (hazırda Ə.Bayramzadə adına 1 saylı Bakı İEM) idi.

1940-cı ildə respublikada fəaliyyətdə olan elektrik stansiyalarının qoyuluş gücü - 250 MVt-dan yüksəyə, elektrik enerjisinin istehsalı isə - 1,7 mlrd.kVt. saata çatdırıldı. 1941-ci ilin fevralında isə Azərbaycanda ilk istilik elektrik mərkəzi olan 1 saylı Sumqayıt İEM istismara verildi.

İkinci dünya müharibəsi qurtardıqdan sonra, respublikada energetika təsərrüfatının inkişafı istiqamətində quruculuq işləri daha yüksək sürətlə davam etdirilirdi.

Respublikada su-enerji mənbələrindən məqsədyönlü istifadə sisteminə keçid isə, faktiki olaraq, Mingəçevir su qovşağının tikintisi ilə bağlıdır.

Tikintisi Kür çayı üzərində nəzərdə tutulan su elektrik stansiyaları silsiləsinin aşağı pilləsi olan Mingəçevir su elektrik stansiyası - Mingəçevir SES 1954-cü ildə istifadəyə verildi. Ondan bir il sonra isə, həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara su elektrik stansiyası - Varvara SES istismara verildi.

Kür çayı axarı istiqamətində, 14 km aşağıda yerləşən və qoyulmuş gücü - 16,5 MVt olan bu stansiya Mingəçevir SES-dən buraxılan su sərfinin tənzimləyicisi işini yerinə yetirir.

Qoyulmuş gücü-168,8 MVt olan «Şimal» Dövlət Rayon Elektrik Stansiyasının (Şimal DRES) birinci növbəsi də 1954-cü ildə istifadəyə verildi. 1960-cı ildə bu stansiyada, SSRİ-də ilk dəfə gücü-150 MVt olan açıq tipli enerji bloku istismara buraxıldı. 1962-ci ildə 1 saylı Sumqayıt - İEM-in sonuncu on birinci turboaqreqatı istifadəyə verildi ki, bununla da stansiyanın qoyulmuş gücü 450 MVt-a çatdınldı.

1959-cu ildə Əli-Bayramlı şəhərində Avropada ilk dəfə olaraq əsas avadanlıqları açıq havada quraşdırılan, böyük gücdə Dövlət Rayon Elektrik Stansiyasının (Əli-Bayramlı DRES) tikintisinə başlanıldı. Hər birinin gücü 150 MVt olan dörd enerji bloklu DRES-in birinci növbəsinin istismara verilməsi, Azərbaycanın elektrik enerjisinə olan tələbatını ödəməklə yanaşı, 1964-1965-ci illərdə həmçinin qonşu Cənubi Qafqaz respublikalarına da 1,7 mlrd. kVt.saat elektrik enerjisi ötürməyə imkan yaratdı.

Elə həmin illərdə Sumqayıt sənaye rayonunun, istilik və elektrik enerjisinə artmaqda olan tələbatını ödəmək məqsədi ilə 2 saylı Sumqayıt Istilik-Elektrik Mərkəzinin (2 saylı Sumqayıt İEM) tikintisinə başlanıldı. Birinci turboaqreqat 1966-cı ildə, axırıncı-dördüncü isə, 1972-ci ildə istismara verildi. Bütün aqreqatlar istismara buraxıldıqdan sonra, stansiyanın ümumi qoyulmuş gücü - 220 MVt-a çatdırıldı.

Keçən əsrin 70-ci illərindən başlayaraq, respublikanın iqtisadiyyatı çoxsahəli və səmərəli inkişaf etdirilməyə başladı. Bütün bunlar Azərbaycanda müasir iqtisadi komleksin əsasını təşkil edən elektroenergetika sahəsinin əhatəli inkişafına təkan verdi.

Respublikanın hazırkı enerji sisteminin, Qafqaz Respublikaları arasında ən güclü sistem statusu qazanması heç də təsadüfi deyil.

Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının inkişafında yaranan əsaslı dönüş - milli liderimiz H.Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Məhz bu illər Respublikanın əməkçi kütləsi həm kənd təsərrüfatı sahələri üzrə, eləcə də sənayenin istehsalı yönümündə misli görünməmiş nailiyyətlər qazandı.

Mövcud istehsal sahələrində məqsədyönlü yenidənqurma işləri aparılır, sənaye üzrə yeni istehsal sahələri yaradılırdı.

H.Əliyevin gərgin əməyi və inadkarlığı nəticəsində, Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək barədə, keçmiş SSRİ-nin Mərkəzi Komitəsi və Nazirlər Soveti bir neçə qərar qəbul etmişdi. Bu qərarlar əsasında reallaşdırılan islahatlar respublikada aqrar-sənaye kompleksinin inkişafına güclü təkan verdi.

İqtisadiyyatımızın bu qədər sürətlə inkişaf etdirilməsi, respublikada enerji sisteminin gücünün, bu sistemin istehsal sürətinin artırılmasını tələb edirdi.

IX-X beşilliklərdə enerjiyə olan tələbat, mövcud enerji mənbələrinin istehsal gücünün artırılması və yeni enerji obyektlərinin tikilib istifadəyə verilməsi hesabına ödənilirdi.

1971-1972-ci illərdə 2 saylı Sumqayıt İstilik Elektrik Mərkəzi genişləndirilərək, ümumi gücü 110 MVt olan iki yeni enerji aqreqatı istifadəyə verildi.

1973-1974-cü illərdə 1 saylı İstilik Elektrik Mərkəzində, hər birinin gücü 50 MVt olan iki enerji aqreqatının quraşdırılması başa çatdırıldı.

1971-ci ildə Naxçıvan Muxtar Respublikasının ərazisində - Araz çayı üzərində Araz su qovşağı və hər birinin qoyulmuş gücü - 22 MVt olan iki su elektrik stansiyası İranla birgə tikilib istifadəyə verildi.

1976-1977-ci illərdə Tərtər çayı üzərində Tərtər su qovşağı və qoyulmuş gücü - 50 MVt olan Tərtər su elektrik stansiyası (Tərtər SES) istismara buraxıldı.

70-ci illərin sonunda respublika ərazisində mövcud olan elektrik stansiyalarının ümumi qoyuluş gücü 2882,4 MVt-a çatdırıldı və ölkə üzrə ildə 15,4 mlrd.kVt. saat elektrik enerjisi istehsal edildi.

Buna baxmayaraq, sənaye və kənd təsərrüfatının böyük sürətlə inkişaf etməsi və onun elektrik enerjisinə daima artmaqda olan tələbatını ödəməkdən ötrü Azərbaycan hər il qonşu respublikalardan 2,9-3,5 mlrd.kVt. saat elektrik enerjisi idxal etmək məcburiyyətində qalırdı. Respublika istehlakçılarının elektrik enerjisinə olan tələbatını tam ödəmək üçün, H.Əliyevin titanik səyi nəticəsində Şəmkir su elektrik stansiyasının (Şəmkir SES) və Azərbaycan Dövlət Rayon Elektrik Stansiyasının (Azərbaycan DRES) az bir zaman ərzində tikilməsi qərara alındı.

Beləliklə, qoyuluş gücü 380 MVt olan Şəmkir SES-in tikintisi 1981-1982-ci illərdə başa çatdırıldı və SES istifadəyə verildi.

Azərbaycan DRES-in tikintisinə 1974-cü ildə başlanılmışdı. Gücü 300 Mvt olan birinci enerji bloku 1981-ci ildə, eyni güclü sonuncu - səkkizinci enerji bloku isə, 1989-cu ildə istismara verildi. Hal-hazırda stansiyanın qoyuluş gücü - 2400 MVt-dır. Şəmkir SES və Azərbaycan DRES-i istismara verildikdən sonra enerji sistemin qoyulmuş gücü -5000 MVt-a çatdırıldı.

Elektrik stansiyalarının istismara verilməsi ilə yanaşı, sistemtəşkiledici elektrik ötürücü xətlərin, eləcə də yanmstansiyaların tikintisi də başa çatdırıldı ki, bu da bütövlükdə respublikanın enerji sisteminin əhatəli inkişafına səbəb oldu.

Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra, milli liderimiz H.Əliyev yenidən respublikaya qayıtdı və Azərbaycan dövlətçiliyi bu müdrik siyasi xädimin rəhbərliyi ilə təmsil edilən dövrdən başlayaraq, ölkənin xalq təsərrüfatının bütün sahələrinə, eləcə də energetika təsərrüfatının inkişafına da dövlət diqqətinin artırılması meylləri hiss olunmağa başladı.

Məhz Heydər Əliyev cənablarının şəxsi təşəbbüsü nəticəsində Avropa İnkişaf və Yenidənqurma Bankının krediti hesabına, tikintisinə hələ 80-ci illərdə başlanılmış, lakin maliyyə çətinliyi səbəbindən tikintisinin gedişi yarımçıq saxlanılmış Yenikənd SES-in inşası tez bir zamanda başa çatdırılaraq istismara verildi.

Başqa sahələrlə yanaşı, respublikanın energetika təsərrüfatının inkişafı üçün də xarici sərmayələrin qoyuluşu sürətləndirildi. Bakı şəhərinin və Abşeron rayonunun enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə Yaponiyanın Beynəlxalq Əməkdaşlıq bankının krediti hesabına Şimal DRES-də, gücü - 400 MVt olan qaz-turbin avadanlığı quraşdırılıb istifadəyə verildi.

Almaniyanın Doyçe Landens Bankının krediti hesabına isə 1 saylı Bakı-İstilik Elektrik Mərkəzində köhnə avadanlıqların əvəzinə, hər birinin gücü - 53 MVt olan iki ədəd müasir qaz-buxar turbini quraşdırıldı və istismara buraxıldı.

 

Kitablar